“Android Erası2” müsabiqəsinin yekunlarına dair tədbir keçiriləcək

Written by androidage2 on . Posted in Android Erası2


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan-ın “Android Erası 2” müsabiqəsi yekunlaşmaq üzrədir. 6 May 2012-ci il tarixində saat 11:30-da Qafqaz Universitetində müsabiqənin yekunlarına dair tədbir keçiriləcək. 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb.

Müsabiqənin yekunlarına həsr olunacaq tədbirdə yarışma ərzində hazırlanan tətbiqlər, yarışmanın gedişatı barədə məlumatlar veriləcək. Bundan əlavə, müsabiqənin baş sponsoru Samsung tərəfindən xüsusi olaraq həyata keçirilən, bütün Android həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCup” mövzusunda yazılan ən yaxşı proqram müəllifləri də mükafatlandırılacaq. Qeyd olunan mövzularda proqramçılar tərəfindən 6 tətbiq təqdim olunub.

Media nümayəndələri və İKT sahəsində tanınan nüfuzlu şirkət rəsmilərinin qatılacağı mərasimdə Android platforması üçün yazılan proqramların qalibləri elan olunacaq.

Qeyd edək ki, “Android Erası 2” yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:
I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCup qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.