“Android Erası 2” Təşkilat Komitəsi görüş keçirib
18 mart tarixində “Android Erası 2” mobil proqramçıların növbəti yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü olub. Görüşdə yarışma qaliblərinə təqdim olunacaq hədiyyələr nümayiş olunub. Bundan əlavə, mart ayının 15-dən etibarən start götürən seçim turunun vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Təşkilat Komitəsindən verilən məlumata əsasən, seçim turunun elan olunmasından çox az bir müddət ötməsinə baxmayaraq, artıq 60-dan çox proqramçı öz bacarığını nümayiş etdirmək üçün qeydiyyatdan keçib.
Görüşdə həmçinin, 25 mart tarixində seçim prosesinin nəticələri ilə bağlı keçiriləcək tədbir barədə də fikir mübadilələri aparılıb. Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar üçün nəzərdə tutulan treninq-məşğələlərinə dair müzakirələr də görüşün əsas mövzularından biri olub.
Məlumat üçün bildirək ki, yarışmanın seçim mərhələsi hələ də davam etməkdədir. Belə ki, Siz 23 mart tarixinə qədər www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçib yarışmaya qoşula bilərsiniz. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək. Mart ayının 25-də isə yarışmada iştirakı təsdiqlənmiş üzvlərlə görüş reallaşacaq.
Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.
Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:
I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,
Bununla yanaşı müsabiqənin platin sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP-a dəstək məqsədi ilə digər həvəsləndirici yarışmalar da gerçəkləşəcək. Həmin yarışmaların qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.
Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.